Bakı, 23 iyun, AZƏRTAC.
Türkmənistan Prezidentinin Azərbaycana dövlət səfəri iki ölkə arasındakı yüksəksəviyyəli qarşılıqlı fəaliyyəti əks etdirən mühüm hadisədir. Dövlətlərin ali rəhbərliyi səviyyəsində keçirilən bu cür görüşlər etimadın möhkəmləndirilməsi və beynəlxalq əməkdaşlığın inkişafı üçün əsas vasitə rolunu oynayır. Eyni zamanda, Türkmənistan və Azərbaycanın siyasi dialoqu genişləndirmək, iqtisadi tərəfdaşlığı dərinləşdirmək və təkcə iki dövlət üçün deyil, bütövlükdə bütün region üçün strateji əhəmiyyət kəsb edən müştərək layihələri reallaşdırmaq əzmini təsdiqləyir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Türkmənistan Beynəlxalq İnformasiya Mərkəzinin baş redaktoru Maksat Kurbanqeldiyev söyləyib.
O bildirib ki, müasir şəraitdə iki ölkə rəhbərliyi arasında təmasların intensivləşməsi xüsusi rol oynayır. Müntəzəm danışıqlar, regional və beynəlxalq gündəliyin əsas məsələləri ətrafında fikir mübadiləsi, həmçinin nəqliyyat, energetika və ticarət sahələrində səylərin əlaqələndirilməsi Cənubi Qafqaz ilə Mərkəzi Asiya arasında tərəfdaşlığın möhkəmlənməsinə töhfə verir. Bu qarşılıqlı fəaliyyət qarşılıqlı faydalı təşəbbüslərin inkişafı və region iqtisadiyyatının dayanıqlılığının artırılması üçün əlverişli şərait yaradır.
Xüsusilə nəqliyyat-loqistika sahəsi ən mühüm istiqamət olaraq qalmaqdadır. Burada Bakı və Türkmənbaşı limanları Asiya və Avropa bazarlarının səmərəli şəkildə birləşdirilməsini təmin edən Orta Dəhlizin əsas qovşaqları qismində çıxış edir.
“Ortaq oğuz köklərinə və mənəvi dəyərlərə əsaslanan Azərbaycan və türkmən xalqlarının tarixi-mədəni yaxınlığı da münasibətlərin vacib tərkib hissəsidir. Məhz bu çoxəsrlik ümumilik müasir dövlətlərarası əlaqələrin inkişafı üçün mənəvi təməl rolunu oynayır. Energetika və investisiya sahələrindəki müştərək layihələr bərabərhüquqluluq və milli maraqlara qarşılıqlı hörmət prinsiplərinə əsaslanan əməkdaşlığın yüksək potensialını nümayiş etdirir. Bu səfər mehriban qonşuluq münasibətlərinin inkişafı kursunun ardıcıllığını vurğulayır və hər iki ölkə xalqlarının mənafelərinə cavab verən uzunmüddətli təşəbbüslərin reallaşdırılması üçün yeni imkanlar açır”, – deyə M.Kurbanqeldiyev vurğulayıb.
Türkmənistanlı jurnalist əlavə edib ki, iki ölkə arasında əməkdaşlığın perspektivləri olduqca ümidverici görünür. Coğrafi üstünlüklərin, iqtisadi potensialın və tarixi-mədəni yaxınlığın vəhdəti strateji münasibətlərin daha da möhkəmləndirilməsi üçün etibarlı zəmin yaradır. Gələcək aktiv siyasi dialoq və nəzərdə tutulan müştərək layihələrin icrası iki qardaş xalqın qarşılıqlı fəaliyyətini Mərkəzi Asiyadan Cənubi Qafqaza qədər olan məkanda dayanıqlı inkişafın və inteqrasiyanın müəyyənedici amillərindən birinə çevirmək məqsədi daşıyır.

