Bakı, 24 iyun, AZƏRTAC.

Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli ölkəmizdə səfərdə olan Ukraynanın Xarkov Milli Tibb Universitetinin (XMTU) nümayəndə heyəti ilə görüşüb.

Bu barədə AZƏRTAC-a ATU-dan məlumat verilib.

Bildirilib ki, görüşdə rektor Gəray Gəraybəyli tibb sahəsində Ukraynanın bir çox ali təhsil müəssisələri ilə qurulan sıx əlaqələr və universitetlər arasında bu münasibətləri tənzimləyən qarşılıqlı əməkdaşlıq memorandumlarını xatırladıb. Rektor bu istiqamətdə institusional tərəfdaşlıq sazişlərinin iki ölkənin səhiyyə nazirlikləri səviyyəsində də dəstəkləndiyini, səhiyyə və tibb elmi sahəsində münasibətlərin genişləndirilməsinə və yeni müstəvilərdə inkişaf etdurilməsinə qarşılıqlı marağın olduğunu bir daha nəzərə çatdırıb.

XMTU ilə tələbə və mütəxəssis mübadiləsi, birgə elmi tədqiqatların yerinə yetirilməsi kimi müxtəlif istiqamətləri ehtiva edən memorandum əsasında işlərin uğurla davam etdirildiyini deyən rektor bu səfərin də iki ali təhsil müəssisəsi arasında elmi-tədqiqat və tibbi məkdaşlığın inkişafına, həmçinin beynəlxalq əlaqələrin gücləndirilməsinə mühüm töhfə verəcəyini vurğulayıb.

XMTU-nun rektoru, professor Valeri Myasoyedovun səmimi salamlarını çatdıran universitetin tədris və elmi işlər üzrə prorektoru, professor Oksana Nakoneçna da ATU ilə əlaqələrin genişləndirilməsindən məmnunluqlarını ifadə edib. Səfərin də bu əməkdaşlıq çərçivəsində təşkil olunduğunu vurğulayan prorektor əlavə edib ki, məqsəd pediatrik onkohematologiya sahəsində əməkdaşlığın daha da genişləndirilməsi, akademik heyət və doktorantlar üçün mühazirələrin təşkili, diaqnostika və müalicə istiqamətində birgə elmi layihələrin hazırlanmasıdır.

Görüşdə bir çox istiqamətlər, o cümlədən ali təhsil müəssisələrinin Tələbə Elmi cəmiyyətləri (TEC) arasında əməkdaşlıqların qurulması, maraq doğuran sahələr üzrə TEC-lərin birgə tədqiqatlar aparması, ümumilikdə elmi fəaliyyətin təşkili, tələbə startapları və s. kimi təkliflər üzrə geniş fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Oksana Nakoneçnanın rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə Klinikadan əvvəl və klinik tədqiqatlar üzrə Elmi-Praktik Mərkəzin direktoru, Pediatriya №2 kafedrasının müdiri, professor Nataliya Makieyeva, həmçinin Radiologiya kafedrasının doktorantı Roman Abdullayev daxildir.

İyunun 30-dək davam edəcək səfər çərçivəsində qonaqlar ATU-nun klinik bazaları ilə tanış olacaq, müvafiq ixtisas sahələri üzrə görüş və müzakirələr aparacaqlar.