Bakı, 18 iyun, AZƏRTAC.
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə Ankara Universiteti arasında “Daşınmaz əmlakın idarə edilməsi” üzrə ikili diplom proqramının icrasına start verilir.
Universitetdən AZƏRTAC-a bildirilib ki, bu məqsədlə AzMİU-da Ankara Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova və Ankara Universitetinin prorektoru, Tətbiqi elmlər fakültəsinin dekanı, Daşınmaz əmlakın inkişafı və idarə edilməsi kafedrasının müdiri professor Harun Tanrıvermiş, kafedranın müdir müavini professor Yeşim Tanrıvermiş və dosent Mustafa Tombul iştirak ediblər.
Görüş zamanı ikili diplom proqramının icrası, tədris prosesinin təşkili və gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub. Tərəflər tələbə və müəllim mübadiləsi, birgə elmi tədqiqatlar, beynəlxalq layihələrdə iştirak və akademik mobillik imkanları üzrə əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparıblar.
AzMİU-nun rektoru Gülçöhrə Məmmədova bildirib ki, universitetin beynəlmiləlləşmə strategiyasının mühüm nəticələrindən biri olan bu proqram ölkədə yeni elmi istiqamətin formalaşmasına töhfə verəcək. Bu ildən etibarən proqram üzrə tələbə qəbuluna başlanılacaq və məzunlar həm Azərbaycan Memarlıq və İnşaat Universitetinin, həm də Ankara Universitetinin diplomlarını əldə edəcəklər.
Rektor vurğulayıb ki, daşınmaz əmlakın idarə edilməsi müasir dövrdə iqtisadiyyatın ən sürətlə inkişaf edən sahələrindən biridir. Urbanizasiya proseslərinin sürətlənməsi, şəhərlərin genişlənməsi, torpaq və daşınmaz əmlak bazarının inkişafı, “ağıllı şəhər” texnologiyaları və rəqəmsal kadastr sistemlərinin tətbiqi bu sahədə ixtisaslı kadrlara tələbatı artırır.
Ankara Universitetinin prorektoru Harun Tanrıvermiş isə rəhbərlik etdiyi ali təhsil müəssisəsinin bu sahədə uzunmüddətli təcrübəyə malik olduğunu qeyd edib. O bildirib ki, daşınmaz əmlakın idarə edilməsi torpaq idarəçiliyi, qiymətləndirmə, investisiya layihələrinin idarə olunması, şəhərsalma və rəqəmsal texnologiyaların tətbiqi kimi geniş istiqamətləri əhatə edir.
Onun sözlərinə görə, AzMİU ilə birgə həyata keçirilən ikili diplom proqramı region üçün nümunəvi əməkdaşlıq modelidir və bu proqramın məzunları həm yerli, həm də beynəlxalq əmək bazarında rəqabətqabiliyyətli mütəxəssislər kimi formalaşacaqlar.
Görüş çərçivəsində ikili diplom proqramının tədris planı, fənn proqramları, kreditlərin qarşılıqlı tanınması, təcrübə imkanları və keyfiyyət təminatı mexanizmləri də geniş müzakirə olunub.
Qeyd edək ki, RICS akkreditasiyalı təhsil modeli əsasında həyata keçiriləcək proqram Azərbaycanda daşınmaz əmlakın idarə edilməsi üzrə ilk beynəlxalq ikili diplom proqramı hesab olunur. Proqram ölkədə bu sahə üzrə elmi baza və peşəkar kadr potensialının formalaşmasına mühüm töhfə verəcək.

