Qax, 23 iyun, AZƏRTAC.

“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” aqrar sektorda inkişafın növbəti mərhələsinə zəmin yaradan əsas aqrar siyasət sənədidir və Prezidentin müvafiq tapşırıqlarına uyğun olaraq hazırlanıb. Bu sənəd özündə sektorun əsas hədəflərini, bu hədəflərə xidmət edəcək tədbirləri və müvafiq dövlət dəstəyi mexanizmlərini əhatə edir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev jurnalistlərə açıqlaması zamanı deyib.

Nazir müavini bildirib ki, Dövlət Proqramının səciyyəvi xüsusiyyəti həm istehsal, emal, həmçinin dəyər zəncirinin digər həlqələri üzrə əsas istiqamətlərə yönəlmiş tədbirləri və dəstək mexanizmlərini əks etdirir.

“Burada hədəf istehsal artımına nail olmaqdır. Bunun üçün isə ekstensiv üsullardan deyil, daha çox intensivləşmə istiqamətinə yönəlməklə məhsuldarlığın artımına, ölkə üzrə də məhsul istehsalına nail olmaqla strateji məhsullarla özünütəminatın səviyyəsinin yüksəldilməsinə xidmət etməkdir. Dövlət Proqramının digər səciyyəvi xüsusiyyətlərindən biri heyvandarlıq sahəsi üzrə geniş tədbirləri və dəstək mexanizmlərini əhatə etməsidir. Həmçinin ilk dəfə olaraq balıqçılıq və akvakultura sahəsinin də aqrar sektora yönəlmiş Dövlət Proqramında əsas prioritet istiqamətlərdən biri olaraq müəyyənləşdirilməsidir. Ümumilikdə hədəfimiz 2030-cu ilə qədər ölkə üzrə həm aqrar istehsalın, həmçinin emalın dərinləşməsi və ümumi müsbət tendensiyaya malik aqrar ixracın da həcminin artırılaraq 2030-cu ildə 2 milyard manatdan artıq ixrac həcminə nail olmaqdır. Həmçinin ixracda həcmi artırmaqla yanaşı, ümumilikdə ixrac bazarlarının diversifikasiyası və yeni bazarlara da ixrac imkanına fokuslanmaqdır”, – deyə Zaur Əliyev qeyd edib.

Müxbir – Mustafa Dadaşov.