Şəki, 19 iyun, AZƏRTAC.

Şəki şəhər 4 nömrəli Uşaq Musiqi Məktəbində Azərbaycan muğam sənətinin görkəmli nümayəndəsi, Xalq artisti Arif Babayevin xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsindən məlumat verilib. Bildirilib ki, məktəbin xalq çalğı alətləri şöbəsinin xanəndəlik ixtisası üzrə müəllimi Gültən Bəkirovanın təşəbbüsü ilə keçirilən gecədə Regional Mədəniyyət İdarəsinin, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Şəki şəhər Komitəsinin nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər, Şəkidə fəaliyyət göstərən musiqi və incəsənət məktəblərinin rəhbər və müəllimləri, musiqisevərlər iştirak ediblər.

Tədbirin əvvəlində Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Gecədə Xalq artisti Arif Babayevin yaradıcılığı barədə geniş məlumat verilib. Qeyd olunub ki, Arif Babayev uzun illər ərzində milli musiqi sənətimizin inkişafında, muğam məktəbinin qorunub saxlanılmasında və yeni nəsil ifaçıların yetişdirilməsində böyük xidmətlər göstərib. Onun zəngin yaradıcılığı, pedaqoji fəaliyyəti və sənətə verdiyi töhfələr xalqımızın mədəni irsində daim yaşayacaq.

Tədbir çərçivəsində musiqi məktəbinin şagirdlərinin ifasında Arif Babayevin repertuarından “Tar-kamanım, gəl-gəl”, “Cəfasız olmaz”, “Aşiqəm”, “Qara telin incə belə” və digər mahnı və təsniflər, muğamlardan parçalar səsləndirilib.

Müxbir – Mustafa Dadaşov.